İmam Cəfər Sadiq (ə) fiqhi

Allahummə səlli əla Muhəmməd və ali Muhəmməd

Balıq və suda yaşayan digər heyvanlar


Suda yaşayan heyvanlardan balığın əti halaldır. Amma bu şərtlə ki, balıq pullu olsun. Pulsuz balıqların yeyilməsi haramdır. Muhəmməd ibn Müslim İmam Baqirdən (ə) pulsuz balıqların hökmü haqqında soruşduqda İmam Baqir (ə) belə cavab verir:

كل ما له قشر من السمك ، وما ليس له قشر فلا تأكله

«Pulu olan balıqlardan ye! Pulu olmayanları yemə!»[1]

Başqa bir hədisdə Əmirəl-möminin İmam Əlinin (ə) bu cür buyurduğu nəql olunur:

الا لا تأكلوا ، ولا تبيعوا ما لم يكن له قشر

«Pulu olmayanları satmayın  və yeməyin!»[2]

İlanbalığı, angvil və skorbit balığı pulsuz olduqlarına görə haram balıqların sırasına daxildirlər. Onların haram olması barədə Əhli-Beytdən (ə) kifayət qədər hədislər nəql olunmuşdur. Hətta Şeyx Muhəmməd Hürr Amuli (r.ə.) «Vəsailuş-şiə» kitabında bu balıqların haram olmasına aid olan hədisləri ayrıca bir paraqraf altında cəm etmişdir.[3]

İlbiz, tısbağa, qurbağa, xərçəng və bütün suda-quruda yaşayanlar haramdır. Əbəl-Həsən (ə) buyurur:

لا يحل أكل الجرّي ، ولا السلحفاة ، ولا السرطان

«İlanbalığı, tısbağa və xərçəngi yemək halal deyildir.»[4]

Həmin hədisin davamında İmam (ə) qurbağaların da haram olduğunu buyurur. Krevetlərə gəlincə isə fəqihlər (islam hüquq alimləri) onların halal olduğunu yazırlar.

 

Məsələlər

1. Əgər balıq əvvəl pullu olub sonra hər hansı bir səbəbə görə pulları tökülərsə o balığın yeyilməsi halaldır. Bir gün bir nəfər İmam Sadiqdən (ə) balıqlar haqqında soruşur. İmam (ə) buyurur:

ما كان له قشر ، قلت : ما تقول في الكنعت ؟ قال : لا بأس بأكله

«Pulu olanları ye. Həmin şəxs yenə soruşur: Bəs “kənət” (balıq növü) haqqında nə deyərsən? İmam (ə) cavab verir: Onun yeyilməsinin heç bir eybi yoxdur…»[5]

Hədisdə adı keçən “kənət” balığı haqqında Şəhid Sani (r.ə) «Şərhi-Lümə» kitabında yazır: «Kənət zəif pulları olan bir balıq növüdür. (Suyun dibində) özünü quma sürtər və pulları tökülər. Sonra tökülmüş pulları (tədricən) yeniləri ilə əvəzlənər.»[6]

2. Yeyilməsi halal olan balıqların kürüləri halal, haram olan balıqların kürüləri isə haramdır. İmam Sadiq (ə) buyurur:

«Əgər yumurta əti halal olan heyvandandırsa onun yeyilməsinin heç bir eybi yoxdur. O, halaldır.»

3. İki balıqdan birinin halal digərinin isə haram olduğunu biliriksə, lakin hansının halal, hansının haram olduğu bizə məlum deyilsə hər ikisindən çəkinməyimiz vacibdir.

4. Pullu olub-olmadığını bilmədiyimiz balığı yemək caiz deyil.

5. Qarşımızda halal yaxud haram olduğunu bilmədiyimiz kürü varsa onu yeməyimiz caizdirmi (halaldırmı)? Bu barədə fəqihlərin görüşləri bir qədər müxtəlif olduğundan onları ayrı-ayrılıqda sizlərin nəzərinizə çatdırırıq:

Ayətullah Xoyi və Ayətullah Təbrizi: Əzhər (ən aşkar) nəzərə görə haramdır.[7]

Ayətullah Sistani:Həmin kürüdən (kürünü yeməkdən) çəkinmək vacibdir.[8]

Ayətullah Xomeyni:Şəkk halında səthi hamar olan kürünü yemək olmaz. Amma əgər kürünün səthi qaba və sərtdirsə yaxud onun sərt ya hamar olduğu məlum deyilsə və kürünün halal yoxsa haram balıqdan olduğu bilinmirsə həmin kürünün yeyilməsi halaldır.[9]

6. Bəzi xəstəliklərin müalicəsi üçün balığı diri-diri yeməyi və ya udmağı məsləhət görürlər. Bəs görəsən şəri cəhətdən bu məsələnin hökmü nədir? İxtiyari halda yəni heç bir zərurət olmadan balığı diri-diri yemək olarmı? Bu barədə fəqihlərin nəzərləri aşağıdakılardır:

 Ayətullah Xoyi, Xorasani, Xomeyni, Təbrizi, Sistani,  Lənkərani: (İxtiyari halda heç bir zərurət olmadan) balığı diri-diri yemək olar.[10]

Ayətullah Məkarim Şirazi[11]: (İxtiyari halda) işkallıdır (halal olmağı mübahisələdir). Zərurət məqamında isə müalicə üçün olarsa eybi yoxdur.

7. Fərz edək ki, bazardan pullu bir balıq almışıq. Evdə balığı bişirmək istədikdə onun qarnında başqa bir balığın olduğu məlum olur. Bu halda əgər həmin balıq da pullu balıqlardandırsa onu yemək olar. [12] Yox əgər aldığımız balığın qarnından çıxan balıq pulsuzdursa onu yemək haramdır. Lakin Ayətullah Seyyid Sistani  bu məsələdə fərqli fikir bildirir: «Həmin balığın halal olması mübahisəlidir. Ehtiyata əsasən onu (digər balığın qarnından çıxan balığı) yeməkdən çəkinmək lazımdır.»[13]


[1]«Vəsailuş-şiə» 16-cı cild; səh. 397; hədis 1

[2]«Vəsailuş-şiə» 16-cı cild; səh. 398; hədis 6

[3] «Vəsailuş-şiə» 16-cı cild; səh. 400; bab 9

[4] «Vəsailuş-şiə» 16-cı cild; səh. 415; hədis 1

[5] «Vəsailuş-şiə» 16-cı cild; səh. 405; hədis 1

[6] «Şərhi-Lümə» 3-cü cild; səh 207

[7] «Minhacus-salihin»  cild 3; məsələ 1680

[8] «Minhacus-salihin»; cild 3; səh 293; məsələ 880

[9] «Təhrirul-vəsilə» əl-qovlu fil-heyvan ; məsələ 4

[10]Xoyi,Xorasani və Təbrizi «Minhac» c.3; məs. 1630; Sistani «Tovzihul-məsail»; məsələ 2628; Xomeyni «Təhrir» əl-qovlu fil-heyvan ; məsələ 30; Lənkərani  «Əhkamul-vazihə»; məsələ 1888

[11]«Tovzihul-məsail»; məsələ 2252

[12]  Xoyi, Xorasani və Təbrizi «Minhac» c.3; məs. 1679

[13] «Minhacus-salihin»; cild 3; səh 293; məsələ 879

Written by fiqhusadiq

Haziran 22, 2011 6:51 pm

Yemek icmek babi kategorisinde yayınlandı